Gürcüstanın xarici işlər nazirinin Bakıya rəsmi səfəri
Yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda rəsmi səfərdə olub. Səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə təkbətək görüş keçirib.
Gürcüstanın xarici işlər nazirinin sözlərinə görə, azərbaycanlı həmkarı ilə görüşdə söhbətdə Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəliyə, regionda və dünyada gedən proseslərə toxunulub.
"Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq həqiqətən nümunəvidir. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə və bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək", - xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.
O bildirib ki, birgə səylər nəticəsində iki ölkə arasında əməkdaşlıq genişlənir və yeni müsbət aspektlər əldə edir ki, bu da təkcə ölkələrimizin deyil, həm də regionun rifahı üçün mühüm əhəmiyyət kəsb edir.
Maka Boçorişvili azərbaycanlı həmkarını onun üçün əlverişli vaxtda Gürcüstana dəvət edib.
Xarici işlər naziri Maka Boçorişvili rəsmi səfəri çərçivəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və xanımı Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib. O, həmçinin “Şəhidlər Xiyabanı”ndakı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Xarici işlər naziri vəzifəsində Maka Boçorişvili ilk rəsmi səfərini Azərbaycan Respublikasına etdi.