Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.
Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, siyasi dialoq, ticarət-iqtisadi və investisiya əməkdaşlığı məsələlərini müzakirə ediblər. Ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından yüksək səviyyəli ikitərəfli səfərlərin və müntəzəm siyasi dialoqun əhəmiyyəti vurğulanıb.
Regionda gedən proseslərə xüsusi diqqət yetirilib. Davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın ortaq maraq kəsb etdiyi qeyd edilib. Gürcüstan bir daha Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini və regional dialoqa sadiqliyini təsdiqləyib.
Tərəflər həmçinin ortaq infrastruktur və enerji layihələrinin həyata keçirilməsi üçün birgə səyləri müzakirə ediblər. "Orta Dəhliz"in inkişafında əməkdaşlıq və strateji layihələrin uğurla həyata keçirilməsi vurğulanıb.
