Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.
Görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası və bu kontekstdə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb. Gürcüstan tərəfi yaxın gələcəkdə Komissiyanın növbəti iclasına ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
İki ölkə liderləri qlobal və regional geosiyasi problemləri müzakirə ediblər və bir daha regionun davamlı və sabit inkişafı üçün sülhün vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələr və onların əlaqənin gücləndirilməsindəki rolu müzakirə olunub.
Görüşdən sonra iki ölkə arasında enerji və nəqliyyat sektorlarında bir sıra sazişlər imzalanıb. Bunlara aşağıdakılar daxildir: Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin təchizatı və tranzitinin əsas şərtləri haqqında 20 illik hökumətlərarası saziş; Azərbaycandan 2003-cü il qaz alqı-satqısı müqaviləsinin 20 illik uzadılması və sosial qaz təchizatının təhlükəsizliyinə zəmanətlərin verilməsi.
Sənədləri Gürcüstan tərəfdən İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfdən isə İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov imzalayıblar.
İkitərəfli Koordinasiya Şurasının protokolu da imzalanıb və ona əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulub. Sənədi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar. Tərəflər arasında əldə edilən razılığa əsasən, Tbilisi ilə Bakı arasında gündəlik dəmir yolu vasitəsilə sərnişin gediş -gəlişi 6 illik fasilədən sonra 26 may tarixindən etibarən bərpa olunacaq.
Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak ediblər.
